вторник, 7 ноября 2017 г.

Azərbaycan deyəndə gözləri parlayan azərbaycanlı



Vətən - bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.

Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər. Vətəni və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Nahaq yerə “ana vətən” sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır. İnsanı ucaldan onun dəyərini artıran bu qəbildən vətən sevgisidir. Hər bir xalqın fərdi qəlbində millət, xalq və dövlət sevgisi daşıyır. 

Xalqın, millətin üzvü olmaq hansısa  bir dildə danışmaq, hansısa bir dinə mənsub olmaq demək deyildir. Hər bir insan mənsub olduğu millətin, xalqın mənəvi dəyərlərini bilməli, onları qətiyyən unutmamalıdır. Xalq - müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanları bir bayraq altında, eyni qanunlarla yaşayır, eyni hüquqlardan istifadə edir. Vətən qarşısında eyni məsuliyyəti daşıyır.

Ulu Öndər Heydər Əliyevin müdrik kəlamında deyildiyi kimi Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır.

Sizlərə məşhur sərkərdə Napoleondan, hətta onun yatmış əsgərini yuxudan ayıltmadan silahını götürüb postdan çıxmasından yazmayacağam.

Makedoniyalı İsgəndərdən də, ondan sonra “dünyanın ikinci möcüzəli sərkərdəsi”  adlandırılan Yuli Sezardan da yazmaq fikrim yoxdu!

Rusiyanın hərb tarixini qanla yazan tatar əsilli sərkərdə Suvorovu da nümunə gətirmərəm...

250-ci qələbəsini görüb,  elə admiral formasında gözlərini əbədi yuman, 250-ci döyüşünə qədər bir gözünü və bir qolunu itirən Admiral Nelsondan niyə yazmalıyam ki?

Mənim fikrim tarixdən yazmaq yox, tariximizdən yazmaqdı, tariximiz üçün yazmaqdı – özümüzdən - sadəcə və sadəcə...  

Mən sizə bu gün 1988 -ci ildə yaradılan “Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan yazacam. Artıq Latviyaya gələndə internetdə qısa bir araşdırma ilə  onun haqqında bilgi əldə etmişdim. Və çox vaxt itirmədən telefonu əlimə alıb nömrəsini yığdım. Ulduzxan müəllimə doğma dilimizdə salam verəndə onun səs titrəyişindən necə bir vətənpərvər olduğun artıq hiss etdim. Məni ofisinə dəvət etdi. Görüş zamanı çox maraqlı söhbətimiz oldu. Əslində heç belə düşünməmişdim. Nə qədər mütəvazi və insanpərvər olduğu daha giriş  qapsında bizi qarşılayarkən bəlli olmuşdu. Söhbətə də ilk öncə mehribanlıqla özu giriş etdi. Vətəndən uzun illər ayrı qalmasına baxmayaraq, doğma dilimizdə elə gözəl danışırdı ki... 

Bir insan ancaq bu qədər vətənə bağlı ola bilər. Azərbaycan deyəndə  gözləri sevincdən parlayır. Heç tanımadığı birinə 3 saatdan çox vaxt ayırmaq Ulduzxan müəllimin necə bir vətənpərvər olduğunu bir daha göstərdi. Bildiyim qədəri ilə vaxtilə Azərbaycana çox yardımlar edib. Müharibə zamanı xəstəxanalarda yatan yaralılara belə öz maddi və mənəvi yardımlarını əsirgəməmişdir. Amma bu haqda açanda "mən nə etmişəm ki?" təvözakarlıqla bildirdi. Mənə dönə-dönə Prezidentimizin ətrafında sıx birləşməkdən danışdı. Mən Ulduzxan Əhmədovu görəndən sonra bir daha fəxr etdim ki, mən Azərbaycanlıyam. Mənim ölkəmin belə vətənpərvər övladları var. 

Mən yazar deyiləm. Bunu yazmaqda məqsədim odur ki, uzaq Latviya ölkəsində bəlkədə çoxumuzun tanımadığı belə bir Azərbaycanlı var. Latviya vətəndaşı olsa da, Azərbaycanı bizlərdən çox sevir. Bir daha başa düşdüm ki, vətəni sevmək soyadla, vətəndaşlıqla bağlı deyil,  vətəni sevmək ürəklə bağlıdır. Azərbaycan dilinin itməməsi üçün Latviyada bazar günü məktəbi açıb Azərbaycanlı uşaqlara dil öyrətməkdə Ulduzxan müəllimin sayəsində olub. Saatlarla yaza bilərdim çünki bir səhifəyə sığdırmaq mümkün deyil. Amma çox yazmaqda istəmədim. Ona görəki sabah mənə zəng edib deyəcək "mən nə etmişəm". 

Allah gördüyünüz işlərdə sizə yardımçı olsun.

Nüsrət Xəlilov